1 Ağustos 2018 Çarşamba

Məhəmməd Əmin Rəsulzadə: Şiəlik İran türklərini farslaşdırmışdır !

Məhəmməd Əmin Rəsulzadə İstanbulda işıq üzü görən “Türk Yurdu” jurnalında “İran türkləri” başlığı ilə dərc etdirdiyi 3–cü məqaləsində (bax: Türk Yurdu. 2. Cilt. Sayı 6 (18). İstanbul: Tanin Matbaası, 1912, s. 551–556.) yazır[1]:

    İranda türklər nə Rusiyada olduğu kimi tutsaq, nə də Türkiyədə olduğutək ağa ulus deyildir. İran türkləri köklü iranlı olan farslarla hüquqca bir yurddaşdırlar, bir haqları, bir üstünlükləri vardır, ögeylik çəkməzlər.
    500 [1000] ildən bəri İranda ağa olan padşahlar ancaq türk soyundan gəldilər. Bu gün dövlətə başçılıq edən Qacar soyu da Türkmən ellərindəndir. Ancaq İran ağalarının türk olması türklərə bir üstünlük vermədiyi kimi, fars ulusunun basqısına da nədən olmamışdır.
    Ağaların türklüyünə baxmayaraq ölkənin yetkili dili fars dili qalmış, törənlərlə yazşmalarda fars gələnəkləri qorunmuşdur.    İranda farslar türklərin gücünə, əskəri özəlliklərinə dayanmışlar.
    Türklər də fars uyqarlığına, mənəviyyatına dayanaraq bu yolla çalışıb birlikdə indiki İran ağalığını yaratmışlar.
    Farslar türk ağalarını öz uluslarına yad bulmadıqlarından onları ulusal İran ağaları kimi bəyənmiş, türklər də fars uyqarlığını mənimsəmiş, fars dilini ulusal ədəbi dil saymışlar. Bu yolla 500 [1000] ildən bəri şahlıq taxtına bir türk xanı otursa da, bu xanlar eləcə də türklər iranlılaşmış, yəni fars kimi tanınmışlar. Az sayda türkmənlərdən başqa türklər, yəni azərbaycanlılarla Qaşqaylar İranın rəsmi məzhəbi olan şiəliyə bağlıdırlar.
    Şiəlik İran türklərini elə farslaşdırmışdır, indi onlar özlərini türkləşmiş fars, yəni kökcə iranlı sayarlar!...
    Farslar yalnız mənəvi alanda qalmamışlar, mülki yönətim işlərində də sayğınlıqlarını bir az qoruya bilmişlər. İndi ağalıq etməkdə olan qacar soyu illərində də baş bakanlıq görəvi farslara verilmişdir. Qacar şahlarının yalnız 2 türk baş bakanı olmuşdur, onlar da Məhəmməd şah dönəmindəki Hacı Mirzə Ağası ilə Müzəffərəddin şah çağındakı şahzadə Eynüddövlədir. Bununla belə türklər mənən yenildikləri farslardan maddi güclə üstün olduqlarından İranın siyasi yaşamında üstün bir yer tutarlar.

Qeyd: 
Bu paylaşımı hazırlamaq üçün istifadə etdiyimiz nəşrin ön sözündə yazılıb[2]:
   “İran türkləri” siyasi, etnoloji antını türk dilini yaşatmaq, gəlişdirmək, ərəb, fars eləcə də avropadangəlmə artıq sözlərdən arındırmağa çalışdıq, ikisəsli bir sıra ərəb sözlərini bir səslə yazdıq.
     Anıtdakı əyri ayrıcdakı () yazılanlar Məhəmməd Əmin Rəsulzadənin, tarixi olaylar, şəxsiyyətlərdən danışılan açıqlamalar Yavuz Akpınar, İrfan Murad Yıldırım, Səlahəddin Çağının, düz ayrıcdakı [] artırmalar Yadigar Türkelindir.

Mənbə: 
[1] Məhəmməd Əmin Rəsulzadə. İran türkləri. İşləyib çap edəni: Yadigar Türkel. Bakı: “Təknur” nəşriyyatı, 2013, s. 19–20. ISBN 9789952445378
[2] Məhəmməd Əmin Rəsulzadə. İran türkləri. İşləyib çap edəni: Yadigar Türkel. Bakı: “Təknur” nəşriyyatı, 2013, s. 8. ISBN 9789952445378.