13 Ekim 2018 Cumartesi

Abbasqulu ağa Bakıxanov Qacarlar haqqında

Abbasqulu ağa Bakıxanov "Gülüstani–İrəm" adını verdiyi əsərinin Nadir şahın vəfatından «Gülüstan» adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər adlanan V fəslində yazıb:

Əbdürrəzzaq bəy «Məasiri–sultaniyyə» adlı əsərində deyir: Abaqa xanın əmriylə bu tayfanın rəislərindən Sərtaq adlı bir nəfər, Arqun xana ətabəy təyin edilib, Xorasan və Təbəristanda əmirülüməra olmuşdu. Onun Qacar adlı bir oğlu vardı, bu tayfanın çoxu onun nəslindəndir. Onlardan (Qacarlardan) bir çoxu da zaman keçdikcə Rum və Şam vilayətlərinə getmişlər. Əmir Teymur onlardan 50.000 ailəni gətirib İrəvan, Gəncə və Qarabağ nahiyələrində yerləşdirdi. Onlar gündən-günə artıb, cah və cəlal sahibi oldular. Qacar əmirlərindən bir çoxu da Səfəvilər dövründə etibarlı hökümət adamları olub, Ermənistan və Şirvanda yüksək iqtidara malik idilər. İrəvan hakimləri həmin nəsildən olmuşdur. Gəncə və Qarabağ hakimləri də Ziyad oğlu ləqəbi ilə, Xudafərin körpüsündən başlayaraq Sınıq körpüdən yuxarı olan Şülaver kəndinə qədər hökmranlıq edirdilər. Bunlar, Muğanın böyük şurasında Nadir şahın səltənətinə razılıq verməyib Səfəviyyə dövlətinin bərqərar olmasını tələb edirdilər. Buna görə, Nadir şah İran səltənəti taxtına oturunca, onların əzəmət və iqtidarını qırmaq istəyərək, Qarabağ əhalisinin bir çoxunu Xorasana köçürdü. Bərgüşat və Xəmsə məliklərini onların ixtiyarından çıxarıb, Azərbaycan sərdarına tapşırdı... Qazax və Borçalı mahalı əhalisini Gürcüstan valisinin ixtiyarına verdi. Bu səbəblə həmin xanlar çox zəif düşüb, ancaq Gəncə ətrafının hökmranlığı ilə kifayətlənirdilər.
[1]

İstinadlar:
[1] Ҝүлүстани–Ирəм 1951, с. 202–203.
Ədəbiyyat: 
A. Бакыханов. Ҝүлүстани–Ирəм. Тəрҹүмə едəни: М. Əсҝəрли; Редактор: Ə. Əлəсҝəрзадə; Нəшр едəн: Азәрбајҹан CCP Eлмләр Академијасы Тарих вə Фəлсəфə Институту. Бакы: Азәрбајҹан CCP Eлмләр Академијасы Нəшриjjaты, 1951. Təkrar nəşr: İlk nəşrin kitab göstəriciləri saxlanılmışdır. Naşir: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası. Buraxlışa məsul: V. Bəhmənli. Bakı: "Xatun Plyus" nəşriyyatı, 2010, 302 s. ISBN 9952210453