13 Ağustos 2018 Pazartesi

Azərbaycan şairi "Həzini" 1524–cü ildə dilimizin adını yazıb: türkcə !

Həzini — XV–XVI əsrlərdə yaşamış Azərbaycanlı şair–mütərcimdir, əsl adı bilinmir, "Həzini" təxəllüsüdür; haqqında əlimizdə demək olar ki, heç bir məlumat yoxdur. Yalnız bir əsəri məlumdur: ərəb dilindən türkcəyə çevirdiyi “Hədisi–Ərbəin” (Qırx hədis) əsərini 930/1524–cü ildə tamamlamışdır. O Azərbaycan ədəbiyyatında qırx hədis mövzusunda qələmə alınmış ilk bədii əsərdir və bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə orta yüzilliklərə aid ərəb, fars və türk dillərində yazılmış çoxsaylı “Qırx hədis”lərdən fərqli olaraq, burada hər bir hədisin məzmununa uyğun olaraq bir mənzum hekayət də qoşulmuşdur ki, bu da bir tərəfdən onu başqa hədis kitablarından fərqləndirir, digər tərəfdən isə əsərin estetik təsir gücünü, emosionallığını daha da qüvvətləndirir.
Əsər üzərindəki müşahidələrə əsasən demək olar ki, Həzini islamı və təsəvvüfü incəliyinə qədər bilməklə yanaşı, klassik şeir sənətini də dərindən mənimsəmiş və onun bu sahədə kifayət qədər biliyi və müəyyən təcrübəsi də olmuşdur. Əsərin 2–si Türkiyədə, biri də Azərbaycanda olmaqla üç əlyazması məlumdur. Bursa, Ankara və Bakıdakı əlyazmaları qarşılaşdıraraq yararlanan Möhsün Nağısoylu "Həzininin "HədisiƏrbəin" tərcüməsi (2008)" adlı monoqrafiyasında əsəri filoloji–mətnşünaslıq yönündən tədqiq edərək tədqiqatın nəticələrini mətnin transliterasiyası ilə birlikdə vermişdir. Düzənlədiyimiz şəkildə o nəşrdən istifadə ilə seçdiyimiz iqtibasları verdik.

Ədəbiyyat: 
Nağısoylu M. Z. Həzininin Hədisi–Ərbəin tərcüməsi: filoloji–tekstoloji araşdırma, mətn. Elmi redaktorları: A. Musayeva, Z. Əbilova; AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Bakı: "Nurlan" nəşriyyatı, 2008, 430 [2] s.