13 Ağustos 2018 Pazartesi

Türk mənşəli "tonqa" və "qaplan" sözləri haqqında

Şəkildə gördüyünüz yırtıcı “Pişiklər (lat. Felidae)” fəsiləsindən “Böyük pişiklər (lat. Pantherinae)” yarımfəsiləsinə daxil olan “Panter (lat. Panthera)” cinsindən heyvan növüdür, adı latınca “Panthera tigris”, ingiliscə “tiger” olaraq yazılır. Azərbaycan türkcəsində bu heyvanı bildirmək üçün iki sinonim sözdən istifadə edilir: “pələng” və “qaplan”.[1] İlk öncə “qaplan” sözü haqqında bir neçə kəlimə izah yazaq: bu söz türk mənşəli olsa da "Divanü lüğat–it–türk/Türk dilinin sözlüyü" əsərində qeyd edilməyib. Əlimiz çatan sözlükləri incələdikdə “qaplan” sözünə iki kitabda rast gəldik: “Əski türkcənin sözlüyü (Leninqrad, 1969)” və “İbn Mühənna sözlüyü (İstanbul, 1934)”.

1) “Əski türkcənin sözlüyü” adlı kitabdakı qeydə əsasən müəlliflər bu sözü “Reşit Rahmeti Arat (alm. Gabdul Raschid Rachmati)”ın 1936–cı ildə Berlində almanca nəşr olunmuş “Türkcə Turfan mətnləri” adlı kitabından götürüblər (qeyd edək ki, Turfan mətnləri uyğurcadır) və “qaplan” sözünün izahında mənası olaraq rusca yazılıb: “tiqr/тигр”.[2]

2) İbn Mühənna (ö. 1283) öz adı ilə məşhurlaşan sözlüyünü XIII əsrdə qələmə alıb, sözlüyün 1934–cü ildəki İstanbul nəşrinə əsasən konkret fikir söyləmək olmur, fəqət sözün “yırtıcı, vəhşi” heyvanı bildirdiyi anlaşılır.[3][q.1]

Belə təxmin etmək olar ki, “qap+lan” sözü türkcədə XI əsrdən sonra törədilmişdir.

İndi isə çoxları üçün maraqlı olacaq məsələyə dönək: “pələng” sözünə. “Pələng” (fars. پلنگ) sözü fars mənşəlidir və dilimizə də farscadan keçmişdir.[1] Bu söz fars dilində heç də bizim dildəki mənanı ifadə etmir, belə ki, latınca “Panthera pardus”, ingiliscə “leopard” adlanan, bizim dilimizdə isə “bəbir” adlandırdığımız heyvana farslar “pələng” deyirlər.

“Bəbir” və “Tonqa”[q.2] sözləri haqqında dəqiqləşdirdiklərimiz:

İlk öncə qeyd edək ki, qarışıqlığın əsas səbəbi Mahmud Qaşqarlının sözlüyünü ərəbcə əslindən türkcəyə tərcümə edərkən Besim Atalayın və Ramiz Əskərin yol verdiyi kiçik bir yalnışdır. Yalnış “bebür/bəbir” sözü ilə əlaqədardır. Bu söz fars mənşəlidir, həm ərəb (ببر) həm də fars dilində (ببر) eyni cür oxunur (“bəbr”) və eyni heyvanı bildirir. Bu heyvan adı latınca “Panthera tigris”, ingiliscə “tiger” olan, bizimsə “pələng/qaplan” dediyimiz yırtıcıdır. Besim Atalay “tonqa” sözü haqqında M. Qaşqarlının ərəbcə yazdığı izahı çevirərkən “bəbr”[8] sözünü türkçəyə çevirməmiş (demək olar ki) eynən vermişdir: “bebür”.[4] Ardınca ərəbcə mətndə olmayan
[8] bir izahedici cümlə əlavə edir: “Kaplan cinsinden bir hayvandır”.[4][q.3] Ramiz Əskərin çevirdiyi “Divanü lüğat–it–türk” nəşri ilə tanış olduqda Besim Atalayın çevirməsinin hədsiz təsiri hiss edilir, hətta düşünmək olar ki, Ramiz Əskər mətni Azərbaycan türkcəsinə Besim Atalayın türkcə tərcüməsindən çevirmişdir/uyğunlaşdırmışdır. Ramiz Əskərin çevirməsiylə Azərbaycan türkcəsindəki nəşrdə “tonqa” sözü və izahı əlbəttə istisna təşkil etmir və Besim Atalayın kiçik qüsurlu tərcüməsi təkrarlanmışdır.[5] 2005–ci ildə Türkiyədə Seçkin Erdi və Serap Tuğba Yurteserin daha təkmil və Besim Atalayın tərcüməsində nəzərə çarpan xırda qüsurları aradan qaldırmış yeni nəşri işıq üzü gördü. Həmin nəşrdə “bebür” yerinə doğru olan “kaplan” yazılmış, Besim Atalayın əlavəsi olan “Kaplan cinsinden bir hayvandır” cümləsi isə ərəbcə mətndə olmadığı üçün verilməmişdir.[6] Əlavə edək ki, Divanü lüğat–it–türk 2005–ci ildə Almatı şəhərində rus dilində də nəşr edilib, həmin nəşrdə də “tonqa” sözünün izahında “тигр” (pələng/qaplan) yazılıb və əlbəttə ərəbcə əslinə uyğun olaraq “Kaplan cinsinden bir hayvandır” cümləsinin ruscası yoxdur.[7]

Əgər Mahmud Qaşqarlının “Divanü lüğat–it–türk” əsərinin ana dilimizdəki nəşrində qeyd etdiyimiz səhvləri düzəltsək, yəni “bəbir” sözünü ərəbcədəki mənasına uyğun dilimizdəki pələng/qaplan sözü ilə əvəz etsək və artıq olan “Qaplan cinsindən bir heyvandır” cümləsini silsək onda mətn aşağıdakı düzgün, ərəbcə əslinə uyğun şəklini alar:

(ərəb əlifbası. تُنکا) Tonqa: pələng/qaplan. Fili öldürür. Əsas məsələ də budur. Bu ad türklərdə yaşayır, ancaq ilkin mənası unudulmuşdur. Əsasən kişi adı olaraq istifadə edilir. “(ərəb əlifbası. تُنکا خان) Tonqa xan”, “(ərəb əlifbası. تُنکا تِکین) Tonqa tigin” deyilir. Uşaqlara buna bənzər adlar çox qoyulur. Türklərin böyük xaqanı Əfrasiyabın əsil türk adı “(ərəb əlifbası. تُنکا اَلب اَر) Tonqa Alp Ər”dir, “pələng/qaplan kimi qüvvətli, igid adam” deməkdir.

Beləliklə hörmətli qandaşlar, dildaşlar şəkildəki canlının öztürkcə ən qədim adları “tonqa” və “qaplan”dır
.

Qeydlər:
1. İbn Mühənna və lüğəti haqqında ətraflı baxın: http://archive.is/rifcR + http://archive.is/fwe0S
2. "Divanü lüğat–it–türk/Türk dilinin sözlüyü" əsərinin müəllif nüsxəsi günümüzə gəlib çatmayıb; bilinən yeganə əlyazması istinsah/üzü köçürülmə nüsxədir; əlyazmada bu söz ərəb əlifbası ilə (تُنکا) şəklində, yəni "tonka" kimi yazılıb. Besim Atalay və başqa təqdiqatçı naşirlər bu sözün keçdiyi digər mənbələrdə sözün yazılma şəklini nəzərə almış və lüğətin nəşrində sözü "tonka" kimi yox "tonqa" kimi düzəltmişdirlər. 
3. Hətta bu “izahedici” cümlə də səhvdir, çünki cinsin adı həm bizim dildə həm də Anadolu türkcəsində “kaplan/qaplan” yox “panthera/panter”dir və ərəblərin “bəbir”, Anadolu–Azərbaycan türklərinin isə kaplan/qaplan/pələng” dediyi heyvan həmin cinsə daxil olan bir növdür. Bütün hallarda cümlənin önəmi yoxdur, çünki əsərin ərəbcə əslində belə cümlə yazılmayıb[8].
. 
İstinadlar:
[1] Azərbaycan dilinin izahlı lüğəti, III cild, 2006, s. 590.
[2] Древнетюркский словарь, 1969, стр. XXXVII, 421. 
[3] Aptullah Battal 1934, s. 37. 
[4] Divanü Lûgati't–Türk Tercümesi, 3. Cilt, 1985, s. 368. 
[5] Mahmud Kaşğari, III cild, 2006, s. 319.
[6] Kâşgarlı Mahmûd 2005, s. 577.
[7] ал–Кашгари 2005, стр. 1014.
[8] Al–Kāšгarī, Part III, 1985, p. 194.
Ədəbiyyat: 
Aptullah Battal. İbnü–Mühennâ Lûgati (İstanbul nüshasının türkçe bölüğünün endeksidir). İstanbul: Devlet Matbaası, 1934, 106 [3] s.
 Древнетюркский словарь. Редакторы: В. М. Наделяев, Д. М. Насилов, Э. Р. Тенишев и А. М. Щербак; Институт языкознания АН СССР. Ленинград: Издательство «Наука» Ленинградское отделение, 1969, XXXVIII+678 стр. 
Divanü Lûgati't–Türk Tercümesi. 3. Cilt. Çeviren: Besim Atalay; Türk Dili Kurumu Yayınları: 523. Ankara: TTK Basımevi, 1985, 452 s.
Maḥmūd Al–Kāšгarī. Compendium of the Turkic dialects (Dīwān Luɣāt at–Turk). Part III. Edited and Translated with Introduction and Indices by Robert Dankoff in collaboration with James Kelly. Sources of Oriental Languages and Literatures, 7; Turkish Sources VII. Cambridge, MA: Harvard University Office of the University Publisher, 1985, 337 p. 
Махмуд ал–Кашгари. Диван Лугат ат–Турк. Перевод, предисловие и комментарии З.–А. М. Ауэзова. Индексы составлены Р. Эрмерсом. Алма–Ата: Дайк–Пресс, 2005, 1288 [2] стр. ISBN 9965699747 
Kâşgarlı Mahmûd. Divânu Lügâti'tTürk. 1. Basım. Çeviri, Uyarlama, Düzenleme: Seçkin Erdi, Serap Tuğba Yurteser; Kabalcı Yayınevi: 247; Şark Klassikleri Dizisi: 3. İstanbul: Kabalcı Yayınevi, 2005, 725 s. ISBN 9759970139 
Mahmud Kaşğari. Divanü lüğat–it–türk. Dörd cilddə. III cild. Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər. Elmi redaktor: Tofiq Hacıyev. Bakı: "Ozan" nəşriyyatı, 2006, 400 s. ISBN 9952-426-00-x
Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. III cild (QLMNOÖPR). Redaktor: Ə. Orucov; Tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə. Təkrar nəşrə hazırlayanı, təkmilləşdirəni və redaktoru: A. Axundov. Bakı: Şərq–Qərb, 2006, 672 s. ISBN 9789952340259